Vəkil
Əmlak, korporativ hüquq, mülki, kommersiya, insan hüquqları, müqavilə hüququ, cinayət hüququ və sosial müdafiə sahəsində 10 illik zəngin təcrübəyə malik Esmira Tağıyeva hazırda “Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzi”nin İdarə Heyətinin sədri, Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC-da) hüquq departamentinin müdiri və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bakalavr və magistr dərəcələrini fərqlənmə ilə bitirmiş, məhkəmələrdə, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasında fəaliyyət göstərmiş Tağıyeva Cinayət prosessual və əməliyyat-axtarış fəaliyyəti üzrə doktorantura təhsili alır.
Xanım Tağıyeva həm dövlət, həm də ictimai sektorda hüquqşünas, şöbə müdiri və idarəedici vəzifələrdə çalışaraq, insan resurslarının idarə olunması, hüquqi strategiyaların qurulması və sosial layihələrin hüquqi təminatı sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmişdir. O, çalışdığı dövlət agentliklərində hüquqi və kadr siyasətini formalaşdırmış, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində isə sosial müdafiə sistemində hüquqi müdafiənin təşkilində iştirak etmişdir.
2023, 2024-cü illərdə keçirilən Yüksəliş müsabiqəsinin Finalçısı olan Esmira Tağıyeva yerli və beynəlxalq hüquq şirkətlərində işlədiyi dövrdə korporativ hüquq, məhkəmə təcrübəsi və beynəlxalq əməkdaşlıq çərçivəsində kompleks hüquqi və audit xidmətləri göstərmişdir.
Beynəlxalq “TOT” və “TOLES” sertifaktlı təlimçi olan Esmira xanım, “Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzi”nin fəaliyyəti çərçivəsində hazırladığı və rəhbərlik etdiyi layihələrlə aztəminatlı və müdafiəyə ehtiyacı olan qruplarla bağlı layihələrin hüquqi dəstəyini təmin etmiş, uşaqlara, gənclərə milli-mənəvi dəyərləri təbliğ etməklə fərdlərin cəmiyyətə faydalılığının artırılması istiqamətində işlər görmüşdür. O, hüquq sahəsindəki çoxşaxəli təcrübəsini, yüksək peşəkarlığını və cəmiyyətə xidmət prinsipini hər bir sahəyə uğurla tətbiq edir.